2015-ci ilə kimi Azərbaycan Neft Fondunun vəsaitləri hesabına 5 min tələbə xarici ölkələrin ən yüksək reytinqli ali təhsil məktəblərində təhsil alacaq. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, bu tələbələr sonradan ən azı 3 il Azərbaycanda işləməklə bağlı öhdəlik götürməlidirlər. Neft gəlirlərinin hesabına xaricə tələbələrin göndərilməsinə artıq bu ildən başlanılacaq. Bakalavr və magist təhsil pilləsində oxumaq üçün tələbələrin xarici ölkələrin yüksək reytinqli ali məktəblərinə göndərilməsi prezident İlham Əliyevin keçən ay imzaladığı dövlət proqramına əsasən həyata keçiriləcək. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, proqram çərçivəsində yaxın 8 il ərzində 5 min tələbənin xaricdə təhsil xərclərini dövlət ödəyəcək: "Şərtimiz ondan ibarətdir ki, tələbələr təhsillərini başa vurandan sonra ən azı 3 il Azərbaycanda hökumət və qeyri-hökumət təşkilatlarında işləməlidirlər. Bununla bağlı xaricə göndərilən gənclərlə müqavilə imzalanacaq. Dövləti əsasən Azərbaycanda olmayan ixtisaslar üzrə təhsil maraqlandırır. Bunlar idarəetmə, iqtisadiyyat, informasiya kommunikasiya texnalogiyaları sahələrində bəzi ixtisaslardı". Bu tələbələr Azərbaycana qayıtmaqdan imtina da edə bilərlər. Nazir dedi ki, bu halda belələri dövlətin təhsil üçün ödədiyi vəsaiti qaytarmalıdırlar. Bu təhsil ilində vaxt dar olduğundan o qədər də çox sayda tələbə bu imkandan yararlana bilməyəcək. Amma hər halda gedənlər olacaq. Misir Mərdanov dedi ki, tələbələrin seçimi prosesi bir neçə pillə ilə keçiriləcək və bakalavr təhsili almağa yollananların seçimində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da iştirak edəcək. Nazirlik beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı təhsil şuralarının bu işə cəlb edilməsini nəzərdə tutub və onlardan tələbələrin seçimində yardım istəyir. Azərbaycandan xarici universitetlərə tələbə göndərilməsi ilə məşğul olan "STİ Azərbaycan" şirkətinin baş meneceri Saniyə Məmmədovanın sözlərinə görə, xaricdə öz hesabına təhsil alan azərbaycanlı tələbələr çox olsa da, onlar arasında universitetlərlə qəbul olub amma vəsait toplaya bilməyənlər də var: "Azərbaycandan yüzlərlə tələbə Amerika, Britaniya və başqa Qərb ölkələrinin reytinqli universitetlərinə qəbulda lazımi bal toplasalar da, maddi dəstək olmadığından bu təhsildən məhrum olurlar. Onlar bu məsələdə dövlətin yardımına arxalanırlar. Belə tələbələr arasında əsasən iqtisadiyyatın müxatəlif sahələrində təhsil almağa meyl edənlər çoxluq təşkil edir." Hazırda Azərbaycandan minə yaxın tələbə dövlət hesabına xaricdə təhsil alır. Onların böyük əksəryyyəti Türkiyə universitetlərində oxuyur. |